Azərbaycan Prezidenti: Biz özümüz Ermənistana neft məhsullarının ixracına başlamışıq

Energetika
  • 10 fevral, 2026
  • 19:15
Azərbaycan Prezidenti: Biz özümüz Ermənistana neft məhsullarının ixracına başlamışıq

Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasında məhdudiyyəti aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başlamışıq.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.

"Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.

Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir.

Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir. Cənab Vitse-prezident, xoş gəlmisiniz", - Azərbaycan Prezidenti deyib.