Azərbaycan ötən il 210 min tondan çox neft koksu ixrac edib
- 22 yanvar, 2025
- 05:47
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 210 min 013,39 ton neft koksu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 18 milyon 045,68 min ABŞ dolları təşkil edib.
Bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 9,5 % və 3,2 dəfə azdır.
Ötən il neft koksunun ölkənin ümumi ixracında payı 0,07 % olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.