Azərbaycan ötən ay 4 min tona yaxın neft koksu ixrac edib
- 17 fevral, 2025
- 13:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 3 min 915,59 ton neft koksu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 410,75 min ABŞ dolları təşkil edib.
Bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 5,2 dəfə və 3,04 dəfə azdır.
Ötən ay neft koksunun ölkənin ümumi ixracında payı 0,01 % olub.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 64,8 % artıb, idxal isə 79,7 % artıb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.