Azərbaycan neft koksu ixracından qazancını 3 dəfə artırıb
- 15 avqust, 2023
- 09:47
Bu ilin yanvar-iyul aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 179 min 599,78 ton neft koksu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə neft koksunun dəyəri 49 milyon 515,82 min ABŞ dolları təşkil edib.
Bu, 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 3 dəfə çoxdur.
Neft koksunun ölkənin ümumi ixracındakı payı 0,24 % olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.