Azərbaycan neft bitumunun ixracından gəlirini 19 % artırıb
- 17 avqust, 2022
- 05:38
Bu ilin yanvar-iyul aylarında Azərbaycan gəmrük bəyannamələrinə əsasən, 87 min 246 ton neft bitumu ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, bu həcmdə neft bitumunun dəyəri 25 milyon ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə müvafiq olaraq 14,8 % az və 19,1 % çoxdur.
Hesabat dövründə neft bitumu ölkənin ümumi ixracdakı payı 0,1 % olub.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 59 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ötən 7 ayda xarici ticarət dövriyyəsinin 22 milyard 565 milyon dolları ixracın, 7 milyard 494 milyon dolları isə idxalın payına düşüb.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.