Azərbaycan karbamid ixracından gəlirini 2 dəfədən çox artırıb
- 02 yanvar, 2023
- 08:58
Ötən ilin noyabr ayında Azərbaycan 16,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında bildirilir.
İcmala görə, bu, 2021-ci ilin eyni ayı ilə müqayisədə 6,7 milyon ABŞ dolları və ya 28,4 % azdır.
Ötən ilin yanvar-noyabr ayları ərzində isə Azərbaycan 198,6 milyon ABŞ dolları dəyərində karamid ixrac edib ki, bu da 2021-ci ilin 11 aylıq göstəriciləri ilə müqayisədə 105,2 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi ixracı 36,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,7 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.