Azərbaycan İtaliyaya satdığı neftdən qazancını 17 %-dən çox artırıb

Energetika
  • 21 noyabr, 2022
  • 10:05
Azərbaycan İtaliyaya satdığı neftdən qazancını 17 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 8 milyon 362 min 892,86 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 6 milyard 263 milyon 888,2 min ABŞ dolları təşkil edib.

Bu ilin 10 ayında Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 26,7 % az, dəyəri isə 17,3 % çoxdur.

Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 36,87 % olub.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 682 min 798,25 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 17 milyard 179 milyon 696,55 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.