Azərbaycan ilk dəfə Maltadan “Aİ-92” markalı benzin idxal edib
- 21 yanvar, 2025
- 07:36
Azərbaycan 2024-cü ilin yanvar-noyabr aylarında 193 min 454,95 ton “Aİ-92” markalı avtomobil benzini idxal edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,97 dəfə çoxdur.
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu dövrdə idxal edilən benzinin dəyəri 168 milyon 763,38 min ABŞ dollarından çox (artım 2,8 dəfə) olub.
İdxalın strukturunda 84 milyon 261,73 min ABŞ dolları dəyərində (artım 5,9 dəfə) 102 min 459,67 ton “Aİ-92” markalı benzin (artım 5,9 dəfə) Rusiyadan tədarükün payına düşüb.
Hesabat dövründə Rusiyadan benzin tədarükü Azərbaycana “Aİ-92” markalı benzin idxalının 53 %-ni təşkil edib.
Bundan başqa, ötən ilin yanvar-noyabr aylarında Litvadan 32 milyon 61,96 min ABŞ dolları dəyərində 32 min 223,07 ton, Belarusdan 31 milyon 802,39 min ABŞ dolları dəyərində 35 min 512,83 ton, Rumıniyadan 10 milyon 144,21 min ABŞ dolları dəyərində 12 min 485,16 ton, Bolqarıstandan 5 milyon 303,53 min ABŞ dolları dəyərində 5 min 134,11 ton, Qazaxıstandan 1 milyon 575,17 min ABŞ dolları dəyərində 1 min 755,06 ton, Latviyadan 1 milyon 865,82 min ABŞ dolları dəyərində 1 min 875,2 ton, Maltadan 1 milyon 748,57 min ABŞ dolları dəyərində 2 min 9,86 ton benzin idxal edilib. Qeyd etmək lazımdır ki, Maltadan Azərbaycana benzin idxalı ilk dəfə həyata keçirilib və tədarük 2024-cü ilin noyabr ayına təsadüf edib.
Azərbaycanda “Aİ-92” markalı benzin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.