Azərbaycan Hindistana neft ixracından qazancını 3 dəfə artırıb
- 21 noyabr, 2022
- 08:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Hindistana 1 milyon 878 min 006,95 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 548 milyon 559,38 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 67,3 %, dəyəri isə 3,1 dəfə çoxdur.
Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi neft ixracında payı 8,28 % olub.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 682 min 798,25 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 17 milyard 179 milyon 696,55 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 10 ayda Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.