Azərbaycan Gürcüstanın yanacaq və sürtkü yağları aldığı əsas bazarlardan olub
- 19 mart, 2025
- 17:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 77,4 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 1 % azdır.
Beləliklə, Azərbaycan 20,6 % payla Gürcüstanın yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
Təkcə fevralda Gürcüstan Azərbaycandan 33 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb. Bu, bir il əvvələ nisbətən 11 % azdır.
İki ayda Gürcüstan xarici ölkələrdən 374,9 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 14 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 205 milyon ABŞ dolları, Bolqarıstandan 33 milyon ABŞ dolları, Rumıniyadan 31 milyon ABŞ dolları, Yunanıstandan 5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,63 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,3 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.