Azərbaycan və EPPEI əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- 27 noyabr, 2026
- 17:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu EPPEI ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edil.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr Çində səfərdə olan nazir Pərviz Şahbazov Pekində EPPEI-nin prezidenti Zhou Yi ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycanın elektrik enerjisi ötürmə şəbəkəsi üzrə aparılan tədqiqatın icra vəziyyəti nəzərdən keçirilib, əməkdaşlığın növbəti mərhələsinin prioritetləri və birgə fəaliyyətin genişləndirilməsi imkanları müzakirə edilib.
Tədqiqatın yeni günəş və külək elektrik stansiyalarının şəbəkəyə inteqrasiyası, həmçinin elektrik enerjisi sisteminin dayanıqlılığının təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, İnstitut ilə əməkdaşlıq 2025-ci ildə Azərbaycanın Energetika Nazirliyi ilə EPPEI arasında imzalanmış "Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatı"na dair Saziş çərçivəsində həyata keçirilir. Tədqiqatın yekun hesabatının qısa müddətdə təqdim edilməsi planlaşdırılır.
Energetika naziri səfər çərçivəsində İnstitutun fəaliyyəti və həyata keçirlən layihələrlə də tanış olub.