Azərbaycan bu il “Premium Euro-95” benzininin idxalını 1,7 dəfə artırıb
- 22 may, 2025
- 18:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan bu ilin birinci rübündə 30 min 857,68 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 1,7 dəfə çoxdur.
Hesabat dövründə idxal edilən “Premium Euro-95” markalı benzinin dəyəri 26 milyon 98,19 min ABŞ dolları (+ 44,9 %) təşkil edib.
İdxalın strukturunda 19 milyon 290,57 min ABŞ dolları dəyərində (+1,8 dəfə) 22 min 579,06 ton (+ 1,9 dəfə) benzin və ya bütün tədarükün 73,2 %-i Rusiyanın payına düşüb.
Tədarükçülərin ilk üçlüyündə Rumıniya (4 milyon 7,81 min ABŞ dolları dəyərində 4 min 911,23 ton) və Belarus (1 milyon 626,74 min ABŞ dolları dəyərində 1 min 967,15 ton) yer alıb.
Tədarükün qalan həcmi - 1 milyon 173,08 min ABŞ dolları dəyərində 1 min 400,24 ton benzin Bolqarıstanın payına düşüb.
Statistik məlumatlara görə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 798,58 min ABŞ dolları dəyərində (+ 1,7 dəfə) 651,37 ton (+ 1,7 dəfə) "Super Euro-98" markalı benzin idxal edilib.
İdxal strukturunda Bolqarıstandan 361,85 min ABŞ dolları dəyərində 295,15 ton, Rusiyadan 294,37 min ABŞ dolları dəyərində 240,11 ton, Rumıniyadan 142,36 min ABŞ dolları dəyərində 116,11 ton benzin tədarük edilib.
Xatırladaq ki, Azərbaycana "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzini 2014-cü il aprelin 1-dən idxal edilir.