Azərbaycan 7 ayda 15 milyon tona yaxın neft ixrac edib

Energetika
  • 18 avqust, 2025
  • 15:32
Azərbaycan 7 ayda 15 milyon tona yaxın neft ixrac edib

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 470 min 571,55 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 7 milyard 660 milyon 230,09 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 1,5 %, dəyəri isə 17 % azdır.

Ötən 7 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 50,31 % olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28 milyard 841,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,4 % azalıb, idxal isə 26,15 % artıb.