Azərbaycan 5 ayda 34 min tona yaxın “Premium Euro-95” markalı benzin idxal edib

Energetika
  • 17 iyul, 2024
  • 11:16
Azərbaycan 5 ayda 34 min tona yaxın “Premium Euro-95” markalı benzin idxal edib

Bu ilin yanvar-may aylarında Azərbaycana 33 min 982,38 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə idxal olunan “Premium Euro-95” markalı benzinin dəyəri 33 milyon 866,11 min ABŞ dolları (6,6 % artım) təşkil edib.

İdxalın strukturunda bütün tədarükün 37,6 %-i və ya 11 milyon 830,07 min ABŞ dolları (42,2 % azalma) dəyərində olan 12 min 784,56 tonu (42,3 % azalma) Rusiyadan təmin edilib.

Tədarükün qalan hissəsi aşağıdakı qaydadadır: Yunanıstan - 7 milyon 122,06 min dollara 6 min 585,27 ton; Bolqarıstan - 2 milyon 491,94 min dollara 2 min 245,53 ton; Rumıniya - 1 milyon 743 min dollara 1 min 645,35 min ton; BƏƏ - 697,45 min dollara 782,77 ton və Belarus - 9 milyon 981,41 min dollara 9 min 938,9 ton.

Statistikaya görə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycana “Super Euro-98” markalı benzinin idxalı cəmi 986,96 ton (35,5 % artım) təşkib edib və bunun ümumi dəyəri 1 milyon 210,02 min ABŞ dolları (35,2 % artım) olub. İdxal strukturunda 337,27 min dollar dəyərindəki 275,1 ton benzin Belarusdan, 412,79 min dollar dəyərindəki 336,7 ton benzin Bolqarıstandan, 459,95 min dollar dəyərindəki 375,17 ton benzin Rumıniyadan tədarük edilib.

Xatırladaq ki, “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinlərinin Azərbaycana idxalı 2014-cü il aprelin 1-dən başlayıb.

44 - Tezliklə