Azərbaycan 4 ayda Portuqaliyaya neft ixracını 2 dəfə artırıb
- 27 may, 2025
- 10:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Portuqaliyaya 353 min 986,5 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 189 milyon 929,4 min ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunmuş məhsulun həcmi 1,9 dəfə, dəyəri isə 61,7 % artıb.
Yanvar-aprel aylarında Azərbaycandan Portuqaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 4,3 % olub.
Bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyon 203 min 845,45 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Azərbaycandan ixrac edilən xam neftin dəyəri 4 milyard 562 milyon 682,5 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb.