Məktəb təhsil almaq üçün ocaqdır, bir-birindən fərqlənmək məkanı deyil - RƏY
- 12 oktyabr, 2026
- 14:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Müəllimin geyimi məktəbin ümumi mədəniyyətinin və təhsil mühitinə münasibətinin müəyyən göstəricilərindən biri sayıla bilər.
Bu fikri "Report"a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi professor Ceyran Mahmudova deyib.
Rektorun fikrincə, müəllimlərin vahid geyim məsələsinə təhsil mühitində peşəkarlıq, etik davranış və müəllim nüfuzunun qorunması baxımından yanaşmaq lazımdır.
Ceyran Mahmudova bildirib ki, müəllimin peşəkarlığı ilk növbədə onun biliyi, pedaqoji bacarığı, şagirdlərlə münasibəti və mənəvi keyfiyyətləri ilə ölçülür.
"Geyim qaydaları da bu prinsipləri tamamlayan, təhsil mühitində səliqə və işgüzar üslubu təşviq edən vasitə kimi dəyərləndirilməlidir. Əsas məqsəd müəllimin fərdi xüsusiyyətlərini məhdudlaşdırmaq deyil, təhsil müəssisəsində peşəkar görünüş və davranış mədəniyyətini təşviq etmək olmalıdır".
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova da, öz növbəsində, vahid məktəbli formasını dəstəklədiyini ifadə edib.
"Hesab edirəm ki, geyimlə bağlı ümumi tələblər uşaqların diqqətini təhsilə yönəltməyə, məktəb qaydalarına hörmət hissini formalaşdırmağa və ailələrin maddi imkanları arasındakı fərqlərin daha az nəzərə çarpmasına kömək edir. Məktəb hər bir uşağın özünü kollektivin bir üzvü kimi hiss etməli olduğu ümumi təhsil məkanıdır.
Direktorun Azərbaycan tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərə həsr olunmuş məktəb tədbirlərində Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə imkan verilməsini də yüksək qiymətləndirdiyini bildirib.
"Mənim üçün bu, ardıcıl bir yanaşmadır: gündəlik məktəb həyatında vahid geyim formasına riayət edir, müvafiq mədəni tədbirlərdə isə uşaqları milli geyimimiz və onun mənası ilə tanış edirik. Beləliklə, həm məktəbdə ümumi qaydalara hörmət, həm də mədəniyyətimizə, ənənələrimizə və bir-birimizə ehtiram hissini aşılayırıq".
Xalq artisti Nəzakət Teymurova isə orta məktəblərdə şagirdlərlə bağlı vahid geyim qaydasının gözlənilən olduğunu diqqətə çatdırıb.
Xanəndə qeyd edib ki, bu mənada, məktəblərdə vahid geyimin tətbiqi olduqca uğurlu addımdır.