Azərbaycan 4 ayda AÇG-dən qaz hasilatını 2 %-dən çox artırıb
- 13 may, 2025
- 12:57
Bu ilin yanvar-aprel aylarında Xəzər dənizinin Azərbaycanda sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4,5 milyard kubmetr qaz hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-aprel ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilir ki, 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,1 milyard kubmetr və ya 2,3 % çoxdur.
Məlumata görə, bu ilin ilk 4 ayında Azərbaycanda 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə eynidir.
Eyni zamanda, hesabat dövründə "Şahdəniz” yatağından 9 milyard kubmetri hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard və ya 2,2 % azdır. Bu ilin ilk 4 ayında “Abşeron” yatağından 0,5 milyard kubmetr təbii qaz hasil olunub ki, bu da ilik müqayisədə eyni qalıb.
Belə ki, ötən 4 ay ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2,7 milyard kubmetr təbii qaz hasil edib. SOCAR üzrə qaz hasilatının həcmi 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 milyard kubmetr və ya 3,8 % çoxdur.
Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin aprelin 1-nədək 476,8 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 233,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 243,6 milyard kubmetr qaz çıxarılıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) Cənub Qaz Dəhlizi (16,02%) və MVM (5 %) şirkətləri iştirak edir.
“Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.