Azərbaycan 10 ayda Bolqarıstana təxminən 1,6 milyard kubmetr qaz ixrac edib

Energetika
  • 23 dekabr, 2024
  • 13:32
Azərbaycan 10 ayda Bolqarıstana təxminən 1,6 milyard kubmetr qaz ixrac edib

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Bolqarıstana 497 milyon 122,26 min ABŞ dolları dəyərində 1 milyard 552 milyon 124,71 min kubmetr qazı ixrac edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.

2023-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycan qazının Bolqarıstana ixracı kəmiyyət ifadəsində 1,58 dəfə, dəyər ifadəsində isə 36,8 % artıb.

Hesabat dövründə Azərbaycandan qaz ixracının ümumi həcminin 7,3 %-i Bolqarıstanın payına düşüb.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Yunanıstana 320 milyon 198,57 min ABŞ dolları dəyərində (2,6 dəfə az) 769 milyon 271,03 min kubmetr (19,9 % az) qaz tədarük edib. Hesabat dövründə Azərbaycandan qaz ixracının ümumi həcminin 3,6 %-i Yunanıstanın payına düşüb.

Bildirilib ki, ümumilikdə, 2024-cü ilin on ayı ərzində Azərbaycan 6 milyard 848 milyon 514,92 min ABŞ dolları (1,8 dəfə az) dəyərində 21 milyard 338 milyon 832,9 min kubmetr (6,9 % az) qaz ixrac edib.

Hesabat dövründə Azərbaycan 6 ölkəyə - İtaliya, Bolqarıstan, Yunanıstan, Serbiya, Türkiyə və Gürcüstana qaz tədarük edib.

44 - Tezliklə