Albaniya elektrik enerjisi ixracatçısına çevrilməyi hədəfləyir

Energetika
  • 01 iyun, 2026
  • 16:29
Albaniya elektrik enerjisi ixracatçısına çevrilməyi hədəfləyir

Albaniya 2030-cu ilə qədər elektrik enerjisi ixracatçısı olmağı hədəfləyir.

"Report" xəbər verir ki, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Erlind Sulo 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, ölkəsi daxili təchizata və elektrik enerjisi sisteminin modernləşdirilməsinə diqqət yetirib: "İndi ixrac həyata keçirməyi planlaşdırdığımız səviyyədəyik. Cəmi 4 ildir ki, günəş enerjisi layihələrini həyata keçiririk və bu müddətdə demək olar ki, sıfır olan günəş enerjisi istehsalından 3 giqavata çatmışıq. Hədəfimiz çox iddialıdır. Bir çox insan hələ bilmir, lakin Albaniya 100 % bərpa olunan enerji ilə fəaliyyət göstərir. Enerjimizin 87 %-i hidroelektrik stansiyalarından, 30 %-i isə günəş enerjisindən gəlir".

Nazir müavini əlavə edib ki, Albaniyanın məqsədi təkcə elektrik enerjisinə fokuslanmaq deyil, həm də şaxələndirmə prosesi çərçivəsində qaz infrastrukturunu genişləndirməkdir: "Məsələn, SOCAR ilə pilot layihəmiz var və bu, Albaniyada qaz infrastrukturunu qurmağa, daha da inkişaf etdirməyə kömək edəcək. Albaniya böyük potensiala malikdir. Biz Avropa bazarına daha səmərəli, asan çıxış əldə etməyə çalışırıq. Hədəflədiyimiz digər bir məqam isə İtaliya ilə sualtı elektrik nterkonnektordir. Bununla bağlı BƏƏ ilə də müəyyən sənədlər imzalamışıq.

Bu, Albaniyanın regional enerji qovşağına çevrilməsinə kömək edəcək".