AÇG ilə bağlı əməliyyat və əsaslı xərclər azalıb

Energetika
  • 03 noyabr, 2022
  • 08:40
AÇG ilə bağlı əməliyyat və əsaslı xərclər azalıb

2022-ci ilin ilk üç rübü ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlarının işlənməsi üzrə fəaliyyətlərə təxminən 337 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 1,204 milyard ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bu ilin üç rübü ərzində AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 61 milyon ABŞ dolları və ya 15,3 %, əsaslı xərclər isə 39 miyon ABŞ dolları və ya 3,14 % azdır.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.