“Abşeron” yatağından qaz hasilatı 2 dəfəyə yaxın artırılıb
- 15 yanvar, 2025
- 07:59
Ötən il Xəzər dənizinin Azərbaycanda sektorunda yerləşən “Abşeron” yatağından 1,5 milyard kubmetr təbii qaz hasil olunub
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bu yataqdan qaz hasilatı il ərzində 0,7 milyard kubmetr və ya 1,9 dəfə artıb.
Məlumata görə, 2024-cü ildə Azərbaycanda 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Bu, 2023-cü ilin göstəricisinə nisbətən 2 milyard kubmetr və ya 4,1 % çoxdur.
Belə ki, ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 7,7 milyard kubmetr təbii qaz hasil edib. Bu, 2023-cü illə müqayisədə 0,7 milyard kubmetr və ya 8,3 % azdır.
Bildirilir ki, ötən il hasil edilən qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 27,8 milyard kubmetri “Şahdəniz” yatağından hasil olunub.
AÇG-dən qaz hasilatı 2023-cü ilə nisbətən 0,4 milyard kubmetr və ya 3,1 %, “Şahdəniz”dən isə 1,6 milyard kubmetr və ya 6,1 % artıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,655 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,925 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (16,02 %), MVM (5 %).
"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Hazırda SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payı 35 % təşkil edir.