Ötən il AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Energetika
  • 11 yanvar, 2024
  • 11:47
Ötən il AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən qazın həcmi açıqlanıb

Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku və “Şahdəniz” yatağı istismara veriləndən bu ilin yanvarın 1-nə qədər 425,3 milyard kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2023-cü il üzrə açıqladığı operativ məlumatlarında deyilir. Bunun 39,1 milyard kubmetri 2023-cü ildə hasil edilib.

İstismara veriləndən bu ilin yanvarın 1-nə qədər “Azəri-Çıraq-Günəşli”dən 216,3 milyard kubmetr, “Şahdəniz”dən isə 209 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu həcmlərin müvafiq olaraq 12,9 milyard kubmetri və 26,2 milyard kubmetri ötən il hasil edilib.

“Şahdəniz” yatağından hasil edilən qazın 148,1 milyard kubmetr həcmi ixraca nəql edilib. Onun 20,1 milyard kubmetri 2023-cü ildə xarici ölkələrə tədarük edilib.

"Azəri-Çıraq-Günəşli" platformalarında hasil edilən səmt qazının bir hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə əhalinin tələbatını ödəmək üçün təhvil verilir, qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.