Vəfa Yaqublu: Məktəb direktorlarının seçiminin yeni qaydalarla aparılması məntiqlidir
- 30 oktyabr, 2025
- 10:00
Məktəb direktorlarının seçiminin yeni qaydalar əsasında aparılması məntiqlidir.
"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin dördüncü ilində məktəb direktorlarının seçiminin yeni qaydalar əsasında aparılması məntiqlidir:
"Çünki yeni qaydalar sertifikatlaşdırmada (bir qrup müəllim ixtisasına münasibətdə isə MİQ və ya diaqnostik qiymətləndirmədə) yüksək bal toplamış şəxslər sırasından seçimi nəzərdə tutur. Namizədin digər keyfiyyətləri isə müsahibədə dəyərləndiriləcək.
Təhsil müəssisəsi elə bir qurumdur ki, burada menecerlik qabiliyyəti ilə yanaşı məktəbdə gedən iki prosesin - öyrətmə və öyrənmənin əsaslarını dərindən bilmək vacibdir. Tədris etdiyi fənn üzrə savadı, öyrətmək ustalığı, pedaqoji duyumu olan müəllimin məktəbdə xüsusi nüfuzu var. Məktəb direktorunun eyni keyfiyyətləri olmadıqda, nüfuzlu müəllim müəssisənin qeyri-formal liderinə çevrilir. Formal və qeyri-formal liderlərin düzgün əməkdaşlıq qurması, bir-birini tamamlaması isə, heyif ki, həmişə alınmır. Məktəb kollektivi üçün ən optimal hal qeyri-formal liderin formal lider təyin edilməsidir".
V.Yaqublu əlavə edib ki, daim öyrənmək və öyrətmək missiyasını rəhbər tutan direktorun ətrafında güclü komandanın yığılması labüddür.