Son 2 ildə Ukraynada müxtəlif illərdə təhsil alan üç mindən çox tələbənin diplomu Azərbaycanda tanınıb - RƏSMİ

Elm və təhsil
  • 29 avqust, 2025
  • 15:55
Son 2 ildə Ukraynada müxtəlif illərdə təhsil alan üç mindən çox tələbənin diplomu Azərbaycanda tanınıb - RƏSMİ

Azərbaycanda 2022-2024-cü illər ərzində Ukraynada müxtəlif illərdə təhsil almış 3673 tələbənin müraciəti barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib.

Agentlik müharibə davam edən müddətdə Ukraynada təhsil almağı seçən tələbələrin diplomlarının tanınması məsələsinə münasibət bildirib:

"Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4-cü bölməsində qeyd olunan tələblərin tam təmin olunması şərtdir".

Sözügedən qaydalar şəxsin təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması, tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasını nəzərdə tutur.

Bundan başqa, qeyd olunub ki, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə onlayn qaydada əldə olunmuş xarici kvalifikasiyaların Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınması mümkün deyil.