Ukraynada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
- 18 sentyabr, 2025
- 13:26

Azərbaycan daimi olaraq Ukrayna ərazisində təhsil almaq üçün olan əcnəbi vətəndaşların sayına görə ilk beşlikdə yer alır.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ruslana Roxmineyko bildirib.
"Bu rəqəm Rusiyanın Ukrayna ərazisinə tam miqyaslı hücumundan sonra əvvəlki dövrlə müqayisədə 2,5 dəfə azalıb. 1 yanvar 2025-ci il tarixinə olan rəqəmə əsasən Ukrayna universitetlərində təhsil alan azərbaycanlıların sayı 4 min tələbədən çox olub".
O qeyd edib ki, Azərbaycandan olan tələbələr Ukrayna təhsil müəssisələrində menecment, iqtisadiyyat, hüquq, dəniz və daxili nəqliyyat, həmçinin maliyyə və bank işi kimi fənləri seçirlər.
"Təhsil məsələləri üzrə Vahid Dövlət Sisteminin məlumatına əsasən 2025-ci ildə təxminən 1000 Azərbaycan vətəndaşı Ukrayna ali məktəblərində ali təhsilini başa vurub. 1 yanvar 2025-ci ildən 15 sentyabr 2025-ci ilə qədər isə mindən çox Azərbaycan vətəndaşı Ukrayna ali məktəblərinə qəbul olunub. Biz şadıq ki, bu çətin dövrdə parlaq Azərbaycan gəncliyi Ukrayna universitetlərini seçir və bu onu göstərir ki, bizim təhsil müəssisələrimiz xarici tələbələr üçün Ukraynada təhsil almaq üçün cəlbedici olaraq qalır"-deyə, o, əlavə edib.