​Şərurda qədim qala divarlarının qalıqları tapılıb

Elm və təhsil
  • 15 avqust, 2015
  • 11:48
​Şərurda qədim qala divarlarının qalıqları tapılıb

Bakı. 15 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən Qız qalası qədim yaşayış yerində həyata keçirilən arxeoloji qazıntı işləri zamanı e.ə. II minilliyə aid olan qala divarlarının qalıqları tapılıb. Bunu "Report"a AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib.

Onun sözlərinə görə, rayonun orta Tunc dövrünə aid Qız qalası yaşayış yerində, eləcə də yaşayış yerinin yaxınlığında yerləşən qəbir abidələrində arxeoloji qazıntı işləri həyata keçirilib: "Qazıntı işləri zamanı Cənubi Qafqaz üçün nadir hadisə olan, orta Tunc dövrünə aid qalınlığı 2,5 və 3 metr olan təbəqə aşkarlanıb. Ərazidə yaşayış binalarının qalıqları, e.ə. II minilliyə aid olan qala divarlarının qalıqları da  tapılıb. Tapılan qala divarları indiyə kimi bu ərazidə qala tikintisinin olub-olmaması ilə bağlı şübhələrə son qoydu".

V.Baxşəliyev qeyd edib ki, qazıntı işlərində AMEA Naxçıvan bölməsinin əməkdaşları ilə yanaşı, ABŞ arxeoloqları da iştirak edib.