Yalçın Rəfiyev BMT-nin bir sıra rəsmi tədbirlərində çıxış edib
- 24 sentyabr, 2026
- 16:48
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin bir sıra rəsmi və yan tədbirlərində iştirak edib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
Qeyd olunub ki, şəhər yoxsullarının iqlimə davamlılığının gücləndirilməsi üzrə BCRUP proqramı çərçivəsində keçirilən yüksək səviyyəli səhər yeməyi tədbirində interaktiv müzakirələrdə iştirak edən Yalçın Rəfiyev WUF13-ün nəticələrinin və Bakı Fəaliyyətə Çağırışının mənzil məsələsini torpaq, əsas xidmətlər və inklüziv yaşıl iş yerləri ilə necə əlaqələndirdiyini vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Ada irsindən Dünya İrsinə: Azərbaycanın Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlərə (SIDS) Beynəlxalq Texniki Yardım Proqramı" adlı tədbirdə o, iqlim və ekoloji təhdidlərin artdığı bir şəraitdə SIDS ölkələrinin mədəni və təbii irsinin qorunması üçün beynəlxalq əməkdaşlığın və potensialın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
Nazir müavini Azərbaycanın hər il 3 SIDS ölkəsinə UNESCO-nun Ümumdünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıların hazırlanmasında texniki yardım göstərmək öhdəliyini açıqlayıb.
İnkişaf hüququ haqqında Bəyannamənin qəbul edilməsinin 40 illiyinə həsr olunmuş BMT-nin yüksək səviyyəli iclasında isə inkişaf hüququnun təşviqi istiqamətində Azərbaycanın qlobal təşəbbüslərini diqqətə çatdıran nazir müavini hüquqi qüvvəyə malik beynəlxalq sənədin hazırlanması ilə bağlı davam edən səyləri dəstəklədiyini bildirib.
BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə keçirilən İqlim Fəaliyyəti və Ədalətli Keçid üzrə yüksək səviyyəli tədbirdə Yalçın Rəfiyev Azərbaycanın emissiyaların azaldılması üzrə yenilənmiş hədəflərini xatırladıb və COP29 zamanı Bakıda müəyyən edilmiş iqlim maliyyələşdirilməsi üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.