Şagirdlərin Xocalı soyqırımı ilə bağlı hazırladığı kompozisiya təqdim edilib
- 25 fevral, 2022
- 08:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunan tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə idarənin müdiri Mehriban Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib ki, azərbaycanlı gənclər Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinin ən ağır hadisələrindən olan Xocalı soyqırımını dərindən öyrənməli və heç vaxt unutmamlıdırlar.
O vurğulayıb ki, belə tədbirlərin həyata keçirilməsi və ümumilikdə məktəblərdə aparılan məqsədyönlü vətənpərvərlik tərbiyəsi işi gənclərin daha yetkin vətəndaş kimi formalaşmasına xidmət edir.
Vətən müharibəsində qazanılan Zəfərin xalqımızın şanlı tarixi və ən böyük təsəlli mənbəyi olduğunu deyən M.Vəliyeva hər bir əsgərin yüksək vətənpərvərliyində ailəsi ilə yanaşı, Azərbaycan məktəbinin və Azərbaycan müəlliminin də müstəsna rolu olduğunu diqqətə çatdırıb.
Anım tədbirində 4, 5, 6, 7 və 8 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin dərnək üzvü olan şagirdlərin Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiyaları təqdim edilib.