Sabirabadda STEAM mərkəzinin açılışı olub

Elm və təhsil
  • 24 yanvar, 2022
  • 07:44
Sabirabadda STEAM mərkəzinin açılışı olub

Sabirabad rayonu M.Ə.Sabir adına 1 saylı tam orta məktəbdə STEAM mərkəzinin açılışı olub.

"Report"un Aran bürosunun məlumatına görə, bu məqsədlə düzənlənən mərasimdə təhsil naziri Emin Əmrullayev iştirak edib.

Tədbirdə bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilinin əvvəlindən STEAM layihəsinin məktəblərdə tətbiqinə başlanılıb.

STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Mərkəzdə yaradılmış imkanlardan sözügedən liseylə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə bilərlər.

Həmçinin açılış mərasimində qeyd olunub ki, STEAM layihəsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.