"Qardaşlaşmış məktəblər" layihəsinə bu günə qədər 50 məktəb qoşulub
- 13 dekabr, 2016
- 09:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı 13 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər" layihəsinə daha 3 məktəb qoşulub.
Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, artıq "Qardaşlaşmış məktəblər" layihəsinə qoşulan təhsil ocaqlarının sayı 50-yə çatıb.
Məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən "Ölkəmizi tanıyaq" layihəsinin davamı olan "Qardaşlaşmış məktəblər" layihəsi bu dəfə İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəbi, Qəbələ şəhər Nicat Apayev adına 4 nömrəli tam orta məktəbi və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin şagirdlərinin iştirakı ilə həyata keçirilib.
Fondun mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, "Qardaşlaşmış məktəblər” layihəsi müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasına, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə və dünyagörüşlərinin genişləndirilməsinə, istedadlı gənclərin aşkarlanmasına şərait yaradacaq.