Nəcibə Nəsibova: TAU iki qardaş ölkənin elm və təhsil sahəsində qarşılıqlı etimadının göstəricisidir

Elm və təhsil
  • 16 sentyabr, 2026
  • 11:04
Nəcibə Nəsibova: TAU iki qardaş ölkənin elm və təhsil sahəsində qarşılıqlı etimadının göstəricisidir

Türkiyə-Azərbaycan Universiteti (TAU) iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də qarşılıqlı etimadının təzahürüdür.

"Report" xəbər verir ki, bunu ali təhsil müəssisəsinin rektoru, dosent Nəcibə Nəsibova TAU-da Bilik günü ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu universitet Azərbaycan gənclərinə çox böyük imkanlar yaradıb:

"Tələbələrimiz ölkə xaricinə çıxmadan geniş təhsil imkanlarından yararlana bilirlər. Belə ki, Türkiyənin ən öndə gedən universitetlərinin professor və müəllimlərindən dərs alır, təcrübə mübadiləsi aparırlar".

Rektor bildirib ki, TAU-nu bitirən tələbələrin aldığı ikili diplom da onların gələcək karyerasına önəmli töhfədir:

"Tələbələrə bu universitetdə ingiliscə təhsil almaq imkanı da yaradılır. Bütün bu imkanlar sayəsində gənclər beynəlxalq arenada özlərinə rahatlıqla yer tapa biləcəklər".