Monitorinq Mərkəzi "Televiziyaların dili monitorinq aynasında" adlı tədbir keçirib

Elm və təhsil
  • 02 mart, 2022
  • 09:02
Monitorinq Mərkəzi Televiziyaların dili monitorinq aynasında adlı tədbir keçirib

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən "Televiziyaların dili monitorinq aynasında" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, 12 televiziya kanalında aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə mərkəzin əməkdaşları, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı alimləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, dövlət qurumlarının əməkdaşları, televiziya kanallarının rəhbər və məsul şəxsləri, tanınmış aparıcılar ve digər fəxri qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva bildirib ki, dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasının təmin olunması əsas fəaliyyət istiqamətləri kimi qurumun Nizamnaməsində öz əksini tapıb:

"Mərkəz tərəfindən aparıcıların və müxbirlərin nitqi monitorinqə cəlb edilib və televiziyaların dilinin praktik vəziyyətini əks etdirən 4800 dil faktı "Televizayarın dili monitorinq aynasında" adlı kitabda öz əksini tapıb. Bəzi aparıcıların televiziyaya "fərdi" üslub gətirmək cəhdi, alınma sözlərdən yersiz istifadə, yad intonasiyanın tətbiqi, dilimizə xas olmayan cümlə tipləri kimi xarakterik nöqsanlar mövcuddur".

Sevinc Əliyeva bildirib ki, bu monitorinqlərin aparılmasında məqsəd yalnız qüsurların müəyyən edilməsi deyil, həm də onların aradan qaldırılmasıdır.

Tədbirdə radioların monitorinqinin başa çatması və hazırda gündəlik qəzetlərin monitorinqinin aparılması barədə də məlumat verilib. Cərimələrlə bağlı suallara da aydınlıq gətirən Mərkəzin direktoru qeyd edib ki, aparılan monitorinqlərin nəticələri ilə bağlı müvafiq qurumlara xəbərdarlıq etdikdən sonra eyni xətalara təkrar yol verilərsə, cərimələrin tətbiqi qaçılmaz olacaq.

Televiziyaların dili monitorinq aynasında" adlı məruzə ilə çıxış edən direktor müavini dosent Gülarə Əmirova televiziya kanallarında aparılan monitorinqin nəticələri ilə bağlı statistik məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Digər çıxışlarda Azərbaycan dili ahəngliliyi və nizamlılığı baxımından dünya dilləri içərisində özünəməxsus dil kimi səciyyələndirilib, milli varlığımız və kimliyimizin göstəricisi olan ana dilinin saflığının qorunması istiqamətində Mərkəzin fəaliyyəti yüksək qiymətləndirilib, Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, görkəmli dilçi alimlər və ziyalıların, media nümayəndələrinin yaxından iştirak etdiyi müzakirədə kütləvi informasiya vasitələrində yazılı və şifahi nitqdə yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflər səsləndirilib.

44 filmi