Milli Qəhrəman Natiq Qasımovun oxuduğu məktəbdə büstünün açılışı olub

Elm və təhsil
  • 29 yanvar, 2026
  • 15:09
Milli Qəhrəman Natiq Qasımovun oxuduğu məktəbdə büstünün açılışı olub

Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun təhsil aldığı və adını daşıdığı 4 saylı tam orta məktəbdə büstünün açılışı olub.

"Report"un Qərb bürosunun məlumatına görə, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Açılış mərasimindən sonra Emin Əmrullayev Mingəçevir şəhəri Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə bir qrup gənc müəllim və məktəb direktoru ilə görüşüb.

Dialoq formatında keçən görüş zamanı məktəblərdə tədris mühitinin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı və məktəb idarəçiliyində səmərəliliyin artırılması məsələləri geniş müzakirə olunub.

Nazir görüşdə müəllimin yalnız fənn biliklərini ötürən şəxs deyil, eyni zamanda yaxşı metodist, düzgün istiqamət verən və şagirdi düşünməyə təşviq edən pedaqoq olmasının vacibliyini vurğulayıb. Nazir şagird–müəllim münasibətlərinə də toxunaraq bildirib ki, qarşılıqlı etimad və hörmət üzərində qurulan münasibət təlim nəticələrinə birbaşa təsir göstərir.

Görüşdə dərsliklərin məzmunu və tətbiqi ilə bağlı məsələlərə də diqqət yetirilib. Müəllimlər tədris prosesində qarşılaşdıqları çətinliklər, dərs yükü, metodiki dəstək, qiymətləndirmə mexanizmləri, dərsliklərlə bağlı təkliflər, həmçinin şagirdlərin oxu bacarıqlarının inkişafı ilə bağlı suallar səsləndiriblər. Nazir bütün sual və təklifləri diqqətlə dinləyib, mövcud islahatlar, planlaşdırılan yeniliklər və praktik yanaşmalar barədə ətraflı məlumat verib.

Məktəb direktorları da öz növbəsində idarəetmədə qarşılaşdıqları məsələlər, məktəbdaxili monitorinq, müəllimlərlə iş və valideynlərlə əməkdaşlıq mövzusunda fikirlərini bölüşüblər.

Xatırladaq ki, Natiq Qasımov Azərbaycanda ermənilərə qarşı 5 gün təkbaşına vuruşması ilə məşhurlaşıb. Belə ki, 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri, alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüş aparıb. Altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirib. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmayıb. Onun güllələndiyi ehtimal olunur.

Sonradan ermənilər Xocalıda əsr götürülən 22 nəfəri güllələmək hədəsi ilə Natiq Qasımovu təslim olmağa məcbur edib. Onun sonrakı taleyindən uzun zaman məlumat olmayıb.

2024-cü ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülən N.Qasımovun adı elə həmin ildə oxuduğu məktəbə verilib.