Nazir: "Süni intellekt fəaliyyətin keyfiyyət və operativliyini artıracaq"
- 22 oktyabr, 2026
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Süni intellekt fəaliyyətin keyfiyyətini və operativliyini artıracaq.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
Onun sözlərinə görə, müasir dövrün əsas çağırışlarından biri olan süni intellektdən də yan keçmək olmaz: "Bu məlumat bazalarının formalaşdırılması bizə yeni imkanlar açır. Məlumat bazası və informasiya formalaşdıqca, süni intellektin dəstəyi ilə çoxsaylı təhlillər apara, proqnozlar hazırlaya və anomaliyaları avtomatik aşkarlaya bilərik. Bu da fəaliyyətimizin keyfiyyət, sürət və operativlik baxımından ciddi şəkildə yaxşılaşmasına imkan yarada bilər".
Nazir vurğulayıb ki, rəqəmsallaşma istənilən sahədə çox önəmlidir: "Həm cəmiyyətdə, həm də dünyada baş verən proseslərin əsas istiqaməti göstərir ki, gələcək inkişaf rəqəmsallaşmada uğur qazanan dövlətlərə məxsus olacaq. Rəqəmsallaşmaya və süni intellektə böyük yatırımlar edən, bu sahələri inkişaf etdirən və özünü gələcək çağırışlara hazırlayan dövlətlərin uğur qazanmaq imkanları daha böyükdür. Azərbaycanda da bütün dövlət qurumları bu istiqamətdə addımlar atır. Bu sahədə fəaliyyətin əlaqələndirilməsi, gələcək çağırışlara daha yaxşı cavab verməyimiz baxımından bu cür konfransların və məlumat mübadiləsinin əhəmiyyəti böyükdür".