Kimya üzrə elmlər doktoru elmi dərəcəsini almış ən gənc qadına doktorluq diplomu təqdim olunub

Elm və təhsil
  • 07 may, 2018
  • 12:49
Kimya üzrə elmlər doktoru elmi dərəcəsini almış ən gənc qadına doktorluq diplomu təqdim olunub

Bakı. 7 may. REPORT.AZ/ Ali Attestasiya Komissiyası tərəfindən Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, dosent Dünya Babanlıya kimya üzrə elmlər doktoru diplomu təqdim edilib. 

Azərbaycan Milli Elmlər Akademiyasından "Report"a verilən məlumata görə, D.Babanlı Azərbaycanda kimya üzrə elmlər doktoru elmi dərəcəsini almış ən gənc qadın olub.

Qeyd edək ki, Babanlı Dünya Məhəmməd qızı 6 dekabr 1983-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 2003-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin bakalavr pilləsini, 2005-ci ildəisə “Fiziki kimya” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2006-cı ildə AMEA Kimya Problemləri İnstitutunun Metalların və ərintilərin elektrokimyası laboratoriyasında kiçik elmi işçi vəzifəsində işə başlayıb.

2007-ci ildə "Tl-TlHal-X (Hal-Cl,Br; X-Se,Te) sistemlərində qarşılıqlı təsirin fiziki-kimyəvi qanunauyğunluqları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2009-2016-cı illərdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Nanoelektrokimya və elektrokataliz" laboratoriyasında elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 2016-cı ildən indiyədək aparıcı elmi işçi vəzifəsində çalışır.

O, ağır metallar əsasında mürəkkəb yarımkeçirici sistemlərin kompleks tədqiqi, onlarda yeni yarımkeçirici, termoelektrik, maqnit, radiasiya detektoru və s. xassəli aralıq fazaların axtarışı və alınması istiqamətində elmi-tədqiqat işləri aparır.

Alim 2015-ci ildə dosent elmi adını alıb.

2017-ci ilin sentyabr ayında “Tallium xalkohalogenidlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki - kimyəvi əsasları” mövzusunda, “2307.01-fiziki kimya” və “2303.01-qeyri-üzvi kimya” ixtisaslarının qovşağında yerinə yetirilmiş kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işini müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsinə yiyələnib. Doktorluq dissertasiyasının mövzusu üzrə 66 elmi əsər, o cüm­lədən resenziya olunan elmi jurnallarda 37 məqalə (20-si xaricdə, onlardan 17-si "Science Citation İndex" siyahısına daxil olan beynəlxalq jurnallarda ) və elmi konfransların dər­gi­­lərində 3 məqalə və 26 məruzə tezisi çap olunub, 1 Azərbaycan Respublikası patenti alınıb.

D.Babanlının təqdim etdiyi “Ağır metalların xalkogenidlərinin, xalko­ha­lo­genidlərinin və onlar əsasında yeni funksional materialların alınmasının fiziki-kimyəvi əsasları” adlı layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Elm Fondu”nun 2017-ci ildə elan etdiyi müsabiqənin texnika elmləri sahəsində “Həvəsləndirici mükafat” nominasiyası üzrə qalibi olub.

Gənc alim bütövlükdə 140-a yaxın elmi əsərin müəllifidir."Google Scholar Citations" informasiya sistemindən götürülən məlumat­lara görə, onun 40-a yaxın elmi əsəri "Elsevier", "Springer" və "Tomson Reuters" beynəlxalq elektron sistemlərinə daxil edilib və onlara 131 istinad olunub.