İnstitut: "Xırdabuynuzlu heyvanların otarılması nadir bitki növlərinin inkişafına mənfi təsir edir"
- 07 aprel, 2023
- 09:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Geobotanika ilə Biomorfologiya və fitoindikasiya şöbələrinin əməkdaşları Qobustan rayonunda yerləşən palçıq vulkanlarında bitki örtüyü və nadir bitki növlərinin tədqiqi məqsədilə müştərək ekspedisiya həyata keçiriblər.
Bu barədə "Report"a Botanika İnstitutundan məlumat verilib.
Bildirilib ki, ekspedisiyanın məqsədi Qobustan rayonunun ərazisində yerləşən palçıq vulkanlarının özündə və ətrafında olan bitkiliyin öyrənilməsi, növ müxtəlifliyinin monitorinqi, nadir növlərinin axtarışı, onların GPS koordinatlarının götürülməsi, senopopulyasiyalarının müasir vəziyyətinin öyrənilməsi və digər fitosenoloji tədqiqatların aparılması olub.
Tədqiqat aparılan ərazilərdə mövcud olan erkən-yaz florası müəyyən edilib. Qış otlaqları sayılan yarımsəhra bitkilik tipinə aid Çərən (Suaedeta) və Yovşan (Artemiseta) formasiya qrupları təyin edilib.
Vulkanların ərazilərində 2 nadir növ Tulipa biflora, T. chlorantha aşkar edilib, onların yaş dövrləri öyrənilib və muasir vəziyyəti qiymətləndirilib. Botaniklər qeyd edir ki, növlərin təbii bərpasının müsbət keçməyinə baxmayaraq, xırdabuynuzlu heyvanların otarılması və qlobal istiləşmə nadir növlərin inkişafına mənfi təsir edir.
Qeyd edək ki, ekspedisiyanın nəticələri Azərbaycanın bitki örtüyünün inventarizasiyasında, geobotaniki rayonlaşdırılmasında, müxtəlif geobotaniki xəritələrin tərtibində və aşkar edilmiş nadir növlərin dinamikasının öyrənilməsində istifadə oluna bilər.