GAİM-də yeni tədris mərhələsinə start verilib

Elm və təhsil
  • 08 oktyabr, 2026
  • 20:32
GAİM-də yeni tədris mərhələsinə start verilib

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov tədbir iştirakçılarını salamlayaraq mərkəzin fəaliyyəti və yeni layihənin məqsədləri barədə məlumat verib.

Belə ki, layihə çərçivəsində Marneulidə ilk dəfə GAİM-də mental arifmetika tədris olunacaq:

"Yeni tədris proqramı məktəb şagirdləri ilə yanaşı, məktəbəqədər yaşlı uşaqları, abituriyentləri və müəllimləri də əhatə edir. Proqram çərçivəsində Azərbaycan və gürcü sektorları üzrə tədris, məktəbəqədər hazırlıq və milli imtahanlara hazırlıq, gürcü və ingilis dillərinin tədrisi, fərdi yanaşmaya ehtiyacı olan uşaqlarla iş və psixoloji dəstək xidmətləri təqdim olunacaq.

Tədris prosesinə ixtisaslı və təcrübəli müəllimlər cəlb edilib. Dərslərdə sensor lövhələrdən, müasir texnologiyalardan, interaktiv oyunlardan və xüsusi hazırlanmış tədris resurslarından istifadə olunacaq".

Yeni layihənin məqsədi Marneulidə müasir təhsil imkanlarını genişləndirmək, şagird və abituriyentlərin inkişafına, eləcə də müəllimlərin peşəkar fəaliyyətinə dəstək göstərməkdir.