Fərhad Hacıyev: VI "Yüksəliş" müsabiqəsində iştirak üçün 17 mindən çox şəxs müraciət edib
- 17 aprel, 2026
- 12:10
Yeniliklərdən dərhal xəbərdar olun!
VI "Yüksəliş" müsabiqəsində iştirak üçün 17 651 nəfər müraciət edib.
"Report" xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qeydiyyatdan keçən namizədlərin 13 101-i kişi, 4 550-si qadındır:
"Müsabiqəyə müraciət edənlər arasında 10 120 nəfər ötən illərdə də iştirak edənlər, 7 531 nəfər isə ilk dəfə müraciət edən şəxslərdir. Ərazi bölgüsünə əsasən, namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarını təmsil edir. Müsabiqə üzrə müəyyən edilmiş 21–51 yaş meyarı çərçivəsində 21–30 yaş aralığında 6 248 nəfər, 31–40 yaş aralığında 8 974 nəfər, 41–51 yaş aralığında isə 2 429 nəfər iştirak edib".
F.Hacıyev əlavə edib ki, ötən illə müqayisədə müsabiqəyə ictimai marağın və iştirakçı sayının artığı müşahidə olunur:
"Ötən mövsümdə müsabiqədə iştirak sayı 16 553 nəfər təşkil edib. İştirakçıların fəaliyyət sahəsinə görə bölgüsü də diqqət çəkir. Belə ki, qeydiyyatdan keçənlərin 52,76 faizi dövlət sektorunda, 45,04 faizi özəl sektorda, 1,24 faizi qeyri-hökumət təşkilatlarında, 0,95 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən "Yüksəliş" müsabiqəsinin VI mövsümü üzrə qeydiyyat mərhələsi aprelin 16-da başa çatıb.