Fariz İsmayılov: Ali təhsilə yeni standartların gətirilməsinə ehtiyac duyulur
- 11 sentyabr, 2026
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa universitetləri, bu yaxınlarda isə ABŞ-də bir universitet Boloniya sistemi çərçivəsində üçillik bakalavr proqramına keçiblər. Dünyada baş verən trendləri nəzərə alaraq Azərbaycanda da "Ali təhsil haqqında" qanun layihəsinə yenidən baxmaq olar.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılov parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında deyib.
O qeyd edib ki, ali təhsilə yeni standartların gətirilməsinə ehtiyac duyulur:
"Çünki universitetlərdə daha çox çeviklik olmalı, universitetlər bazarın tələblərinə daha tez cavab verə bilməli, mütəxəssislərin yetişdirilməsində beynəlxalq standartlara daha uyğun olmalıdır. Bu mövzuda həm ictimai dinləmə təşkil etməliyik, həm də ali təhsil qanununa baxmağa ehtiyac var. Bilirəm ki, bu layihə müzakirə olunmuşdu, ona yenidən baxmaq olar".
Deputat süni intellektlə əlaqədar təkliflərini də dilə gətirib:
"Süni intellekt ali təhsilə - həm tələbələrin gündəlik fəaliyyətinə, həm dərslərə, o cümlədən imtahan proseslərinə ciddi təsir edir. Hətta imtahan proseslərini bəzən pozur. Biz düşünməliyik ki, süni intellekt hansı imkanlar açır, hansı risklər yaradır, hansı formada ali təhsil gələcəkdə dəyişə bilər? Bu mövzuda da ictimai dinləmə hazırlamalıyıq. Bunun əsas məqsədi təhsil sektorunun süni intellektə hazırlığı, proseslərə inteqrasiya olmalıdır".