Dövlət İmtahan Mərkəzi seminar keçirib
- 17 may, 2018
- 09:27
Bakı. 17 may. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı seminar keçirib.
"Report" xəbər verir ki, Avropa İttifaqı (Aİ) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşəbbüsü olan SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində baş tutan seminarda Azərbaycanın dövlət orqanlarında daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin nümayəndələri iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə SIGMA ilə uğurlu əməkdaşlıq əlaqələrindən danışıb. O bildirib ki, dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyəti təkmilləşdirilib, insanların bu qurumlara birbaşa müraciət etməsi üçün imkanlar yaradılıb və onların qərar qəbuletmə prosesinin operativliyi artırılıb: "Ümumiyyətlə, daxili nəzarət qurumlarını dövlət orqanlarının səmərəli fəaliyyətində, dövlət qulluqçularının etik davranışında, korrupsiya hüquqpozmalarının qarşısının alınmasında və vətəndaşlara daha keyfiyyətli xidmətlərin göstərilməsində ən vacib struktur bölmələrdən biri hesab etmək olar”.
M.Abbaszadə ölkədə müasir tələblərə uyğun yeni idarəetmə sisteminin formalaşdırılmasının daxili nəzarət qurumlarının da qarşısında yeni vəzifələr qoyduğunu, daxili nəzarət qurumlarının artıq nəzarət funksiyalarından daha çox keyfiyyətin idarə olunması ilə bağlı vəzifələri icra etməli və bu istiqamətdə inkişaf etməli olduğunu söyləyib.
SIGMA proqramının ekspertləri Kaido Paabusk və Dorota Rosinska Azərbaycanda SIGMA alətinin hüquqi çərçivə, dövlət qulluğu və ədliyyə, maliyyə nəzarəti, xarici audit və dövlət satınalmaları sahələrində tətbiq olunduğunu qeyd ediblər. SIGMA ekspertləri bu layihənin daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə ümidvar olduqlarını bildirib və DİM ilə birgə layihələrin gələcəkdə də davam etdirilməsi istiqamətində danışıqların aparıldığını vurğulayıblar.
Tədbir iştirakçıları ilə SIGMA ekspertləri arasında fəal müzakirələr aparılıb, Azərbaycanın dövlət qurumlarında daxili nəzarət sistemində mövcud problemlər müzakirə olunub, sistemin daha da təkmilləşdirilməsi üçün təkliflər səsləndirilib.
Qeyd edək ki, SIGMA proqramı əsasən Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilir. SIGMA-nın əsas vəzifələrindən biri benefisiar ölkənin müraciətinə uyğun olaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində dəstək göstərməkdir.