"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illiyi qeyd olunub
- 18 dekabr, 2025
- 12:18
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yaradılmasının 10 illiyi münasibətilə "10 il birlikdə" adlı yubiley tədbiri keçirilib.
"Report" xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə təşkil olunub.
Yubiley tədbirində dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri, gənclər və könüllülər iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edənlər könüllülük fəaliyyətinin gənclərin ictimai fəallığının artırılmasında, sosial məsuliyyət dəyərlərinin təşviqində və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Çıxışlar zamanı dövlət–QHT əməkdaşlığının əhəmiyyəti, gənclərin potensialının düzgün istiqamətləndirilməsi və könüllülük hərəkatının davamlı inkişaf perspektivləri xüsusi qeyd olunub.
Tədbir çərçivəsində "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin son 10 il ərzində həyata keçirdiyi fəaliyyətlərə dair geniş statistik təqdimat nümayiş etdirilib.
Bildirilib ki, təşkilat bu müddət ərzində 26 ali təhsil müəssisəsi və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edən şəbəkə formalaşdırıb, 8 şəhər üzrə 800-dən çox layihə və tədbir həyata keçirib, ümumilikdə 338 min 896 könüllü saatı qeydə alıb. Təqdim olunan göstəricilər təşkilatın institusional inkişafını və könüllülük sahəsində əldə etdiyi davamlı nəticələri əks etdirib.
Tədbirin yekununda "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyətində aktivliyi və təşəbbüskarlığı ilə fərqlənmiş 30 gənc könüllü mükafatlandırılıb.