BANM tələbələri SOCAR-AQŞ-də ödənişli yay təcrübəsi keçəcəklər
- 21 may, 2015
- 06:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri SOCAR-AQŞ-də ödənişli yay təcrübəsi keçəcəklər. Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bununla bağlı məktəbdə SOCAR-AQŞ MMC ilə əməkdaşlıq haqqında razılaşma imzalanıb.
BANM-in rektoru Elmar Qasımov imzalanan razılaşmanın məktəbdə "Neft-qaz mühəndisliyi" ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayacağını qeyd edib. O, bu əməkdaşlığın tələbələri üçün yeni təcrübə və gələcək karyera imkanları verəcəyini bildirib.
SOCAR-AQŞ MMC-nin baş direktoru Ramin İsayev birgə əməkdaşlığın gələcəkdə tələbələr üçün daha böyük imkan yaradacağına əminliyini ifadə edib.
SOCAR-AQŞ-nin nümayəndələri III kurs tələbələri ilə görüşüb və müəssisədə 2 aylıq yay təcrübəsi keçmələri üçün onların arasında seçim aparıblar.
Müqavilədə SOCAR-AQŞ-nin mütəxəssislərinin müəllim kimi BANM-də fənlərin tədrisinə cəlb olunması, tələbələr üçün SOCAR-AQŞ-nin fəaliyyət istiqamətlərinə uyğun mövzular çərçivəsində kurslar təşkil olunması, BANM-in tələbələrinin və məzunlarının SOCAR-AQŞ-də təcrübə, iş imkanları və digər məsələlər qeyd olunub.