Bakıda "Türk dünyası və beynəlxalq əməkdaşlıq" mövzusu müzakirə olunub

Elm və təhsil
  • 30 iyun, 2026
  • 14:57
Bakıda Türk dünyası və beynəlxalq əməkdaşlıq mövzusu müzakirə olunub

Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası və beynəlxalq əməkdaşlıq" mövzusunda panel müzakirə keçirilib.

"Report"un məlumatına görə, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin moderatorluğu ilə baş tutan paneldə Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdilacan Axmataliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi Qətibə Quliyeva, Qırğızıstan–Türkiyə Manas Universiteti Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin direktoru, professor Süleyman Barbaros Yalçın, Ardahan Universitetinin rektoru, professor Öztürk Emiroğlu və Beynəlxalq Vizyon Universitetinin Balkan Araşdırmaları İnstitutu, dosent Atilla Yorma Tapanı iştirak ediblər.

Professor Nadir Məmmədli əvvəlcə Birinci Türkoloji Qurultayın türklərin tarixinə təsiri məsələsindən danışıb. Onun sözlərinə görə, vaxtilə bəzi dairələrdə türklərə qarşı müxtəlif yanlış yozumlar irəli sürülürdü:

"Türkləri o zaman sadəcə işğalçı, soyğunçu, öz tarixini yazmayan, yaza bilməyən millət kimi qələmə verməyə çalışırdılar. Halbuki bütün bunlar əsassız və tamamilə yanlışdır. Hətta zamanla onların etnik kökü də uydurma iddialara məruz qalıb. Məsələn, qırğızların türk olmadığı, qərbdən şərqə inteqrasiya etdiyi də yazılıb. Məqsəd sadəcə türk tarixinə zərər vurmaq idi".

Ardahan Universitetinin rektoru professor Öztürk Emiroğlu isə çıxışı zamanı Birinci Türkoloji Qurultaydan bu günə türkologiya üzrə elmi tarixə nəzər salıb.

Ardınca mövzu ətrafında fikir mübadiləsi aparılıb.