Bakıda Beynəlxalq ərəb dili günü münasibətilə tədbir keçirilib
- 20 dekabr, 2016
- 19:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 dekabr. REPORT.AZ/ Misirin Mədəniyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq ərəb dili günü münasibətilə tədbir keçirilib.
Mərkəzdən "Report"a verilən məlumata görə, Mərkəzin müdiri Əhməd Sami Elaydi bildirib ki, beynəlxalq ərəb dili günü 1973-cü ildə BMT-nin Baş Assambleyasında qurumun rəsmi dili elan edilib.
"2010-cu ildən etibarən 18 dekabr tarixi Beynəlxalq ərəb dili günü kimi qeyd edilir. Mütəxəssislər bu təşəbbüsün mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına yardım etdiyini bildirirlər. Hazırda dünyada 450 milyondan çox insan ərəb dilində danışır”, - deyə Ə.S.Elaydi bildirib.
Sonra Qahirə Universitetinin professoru Əhməd İbrahim Dərviş cıxış edərək qonaqlara ərəb dilinin zənginliyi barədə məlumat verib:
“Ərəb dili bildiyiniz canlı dillər içərisində ən uzun ömrü olan, ardıcıl olaraq on beş əsr ərzində davamlı şəkildə işləkliyini qoruyan bir dildir. Bu gün ərəb dilini öyrənən şəxs müasir ərəb dilindən istifadə edərək İslamdan əvvəlki dövrə aid olan mətnləri oxuya bilər”.
Daha sonra xəttatlıq üzrə mütəxəssis Əhməd Əşrəf Ubeyd xəttatlıq sənəti barədə iştirakçılara məlumat verərək, gözəl yazı nümunələri ilə qonaqları tanış edib.
Bundan başqa, Dərviş və Ubeyd AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Ərəb dili və ədəbiyyatı sahəsində mütəxəssislərlə keçirilən görüşdə iki ölkə arasında dostluq əlaqələrinin tarixindən söz açılıb, ərəb dilində yazmış azərbaycanlı müəlliflərin əsərlərinin tədqiqinin zəruriliyi vurğulanıb.