“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi təqdim olunub

Elm və təhsil
  • 01 mart, 2019
  • 08:03
“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi təqdim olunub
Report/ Elchin Murad

Bakı. 1 mart. REPORT.AZ/ “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” (Tİİ) layihəsi təqdim olunub.

"Report" xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli iştirak ediblər.

F.Qurbanov bildirib ki, son illərdə Azərbaycanın ali təhsil sistemində mühüm dəyişikliklər və islahatlar həyata keçirilib, tədqiqat, ixtira, innovasiya yönümlü layihələrə dəstək verilib.

Nazir müavini qeyd edib ki, Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə də məhz bu məqsədə xidmət edir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, Azərbaycanla Aİ arasında əməkdaşlıq müxtəlif sahələrdə olduğu kimi təhsil sahəsində də uğurla davam edir. Səfir layihənin əsas məqsədinin Azərbaycanın ali təhsil sistemində tədqiqat və innovasiya yönümlü yeni mexanizmlərin yaradılması olduğunu qeyd edib.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə ölkədə elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq üçün münbit şərait yarandığını, layihənin uğurlu nəticələr verəcəyinə əminliyini qeyd edib.

Tİİ Türkiyə ofisinin direktoru Yasemin Erdal, Təhsil Nazirliyinin şöbə müdiri və layihənin Azərbaycan tərəfindən koordinatoru Emin Əmrullayev, layihənin eksperti Krzysztof Gulda öz çıxışlarında tədqiqat, ixtira və innovasiya sahəsində beynəlxalq təcrübə, layihənin məqsədi, həyata keçiriləcək işlər barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər olan dövrü əhatə edir. Layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.

44 - Tezliklə