Zlatko Laqumciya: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 15 %-i yerinə yetirilir
- 09 sentyabr, 2026
- 10:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yalnız 15 %-i icra olunur, halbuki daha 15 % göstərici üzrə 2015-ci illə müqayisədə geriləmə qeydə alınıb. Dayanıqlı İnkişaf Məqsədlərinin təxminən üçdə ikisinə müəyyən edilmiş müddətdə nail olunması, böyük ehtimalla, mümkün olmayacaq.
"Report" xəbər verir ki, bunu Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, ölkənin sabiq baş naziri Zlatko Laqumciya Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) çərçivəsində keçirilən dəyirmi masada deyib.
Laqumciya qeyd edib ki, ən mühüm irəliləyiş internetə çıxış, rəqəmsal transformasiya və bərpa olunan enerji sahələrində müşahidə olunur.
Bununla yanaşı, onun sözlərinə görə, ən pis nəticələr sülh və təhlükəsizliklə bağlı olan DİM 16 və aclığa son qoyulması və ərzaq təhlükəsizliyinin təmin edilməsinə həsr olunmuş DİM 2 üzrə qeydə alınıb.
O, həmçinin qeyd edib ki, hökumətlər transformasiyanın altı əsas istiqamətindən (təhsil, səhiyyə, energetika, torpaqlardan dayanıqlı istifadə və ərzaq, dayanıqlı şəhərlər və rəqəmsal transformasiya) ən çox rəqəmsal texnologiyalara və energetikaya diqqət yetirirlər.
Eyni zamanda, əhalinin qiymətləndirmələrinə görə, ən zəif nəticələr dayanıqlı ərzaq və torpaqdan istifadə, habelə şəhərlərin dayanıqlı inkişafı sahələrində müşahidə olunur.
"Məhz bu sahələrdə əlavə səylər göstərməli və onlara xüsusi diqqət yetirməliyik", - Laqumciya vurğulayıb.