Xəzərdə balıq ovunun idarə edilməsi üçün rəqəmsal əkiz sisteminin yaradılması təklif edilib

Ekologiya
  • 17 sentyabr, 2026
  • 16:16
Xəzərdə balıq ovunun idarə edilməsi üçün rəqəmsal əkiz sisteminin yaradılması təklif edilib

Beş Xəzəryanı dövlət Xəzər dənizinin su bioresurslarının idarə olunması üzrə hökumətlərarası beştərəfli Komissiya çərçivəsində vahid məlumat bazası yarada bilər.

"Report" "Rosrıbolovstvo"nun məlumatına istinadən xəbər verir ki, bu təşəbbüs IX Beynəlxalq Balıq Sənayesi Forumunda keçirilmiş "Sərhədsiz Xəzər: balıqçılıq təsərrüfatı kompleksinin maraqları naminə elm, ekologiya və rəqəmsal texnologiyalar" adlı dəyirmi masada səsləndirilib.

"Rosrıbolovstvo" rəhbərinin müavini Vasili Sokolovun sözlərinə görə, beş Xəzəryanı dövlət arasında məlumat mübadiləsi, Xəzər dənizinin resursları və ekoloji vəziyyəti barədə tam məlumatın formalaşdırılması aktual problemlərdən biri olaraq qalır: "Sessiyada bir neçə yeni ideya, məsələn, Xəzər dənizinin su bioresurslarının idarə olunması üzrə hökumətlərarası beştərəfli Komissiya çərçivəsində vahid məlumat bazasının yaradılması kimi fikirlər səsləndirilib".

O həmçinin, Xəzəryanı ölkələrin Universitetlər və Elmi-Tədqiqat Mərkəzləri Assosiasiyasının beştərəfli komissiyanın tamhüquqlu iştirakçıları olması üçün əməkdaşlıq ideyası barədə də məlumat verib. V.Sokolovun sözlərinə görə, bu təklif komissiyada nəzərdən keçiriləcək.

Bundan əlavə, dəyirmi masa iştirakçıları süni intellektdən istifadə etməklə rəqəmsal platformanın yaradılmasını təklif ediblər. Bu, müxtəlif istiqamətlər üzrə monitorinq məlumatlarını yükləməyə və ehtiyatların vəziyyətinə dair daha dəqiq proqnozlar almağa, bu proqnozlar əsasında isə birgə qərarlar hazırlamağa imkan verəcək.

Ümumrusiya Elmi-Tədqiqat Balıq Təsərrüfatı və Okeanoqrafiya İnstitutunun elmi rəhbəri Mixail Qlubokovski qeyd edib ki, Xəzərdə Xəzər suitilərinin sayının müəyyən edilməsi, həvəskar balıqçıların uçotu, qanunsuz, bildirilməyən və tənzimlənməyən balıq ovuna nəzarət üçün rəqəmsal texnologiyalardan artıq istifadə olunur.

Onun sözlərinə görə, növbəti addımın atılması və Xəzər dənizində nərəkimilər də daxil olmaqla, əsas balıq növlərinin ovunun rəqəmsal əkizinin hazırlanması təklif edilir. Belə bir sistem eksperimentlər və tədqiqatlar aparmağa, həmçinin ovun perspektivlərini qiymətləndirməyə imkan verəcək.