UN-Habitat Azərbaycanda su risklərinin azaldılması istiqamətində layihələr reallaşdırır

Ekologiya
  • 08 sentyabr, 2026
  • 10:36
UN-Habitat Azərbaycanda su risklərinin azaldılması istiqamətində layihələr reallaşdırır

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Bakı, Naftalan və Astarada müxtəlif su risklərinə və iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşma üzrə layihələr həyata keçirir.

"Report" xəbər verir ki, bunu UN-Habitat-ın Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Runtse Van "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)" çərçivəsində keçirilən panel sessiyasında bildirib.

Onun sözlərinə görə, layihələrin maliyyələşdirilməsi Adaptasiya Fondunun vəsaitləri hesabına həyata keçirilir: "Hər bir şəhərin özünəməxsus xüsusiyyətlərinin olmasına baxmayaraq, onların hamısı su ehtiyatları ilə bağlı problemlərə məruz qalır".

R.Vanın sözlərinə görə, Bakıda parkın abadlaşdırılması ilə bağlı layihə həyata keçirilir: "Bu layihə suyun toplanması və şəhər ərazilərinin altında qalması təhlükəsinin minimuma endirilməsini əhatə edir".

O vurğulayıb ki, bu cür həllər artıq "UN-Habitat" tərəfindən Əmmanda tətbiq edilib.

R.Van əlavə edib ki, Naftalanda suyun səviyyəsinin dəyişməsi yerli əhaliyə əhəmiyyətli dərəcədə təsir göstərir və bununla əlaqədar olaraq şəhərdə su ilə bağlı təhlükələr barədə erkən xəbərdarlıq sistemi yaradılır.

Astarada da BMT-nin bir neçə strukturunun qurumlararası əməkdaşlığı çərçivəsində su ehtiyatlarının mühafizəsi üzrə tədbirlər görülür: "Park zonaları təkcə istirahət yerləri və ictimai məkanlar kimi xidmət etmək qabiliyyətində deyil, həm də infrastruktur yükünü daşıya – suyu toplaya və subasmaların qarşısını əhəmiyyətli dərəcədə ala bilər".

Bundan əlavə, o, iqlim və su riskləri qarşısında şəhərlərin dayanıqlılığının gücləndirilməsi üçün məkan planlaşdırılmasına kompleks yanaşmanın əhəmiyyətinə diqqət çəkib.

44 filmi