Sabah Azərbaycanda toz-dumanı olacaq

Ekologiya
  • 20 noyabr, 2017
  • 11:26
Sabah Azərbaycanda toz-dumanı olacaq
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində qısa müddətli toz-dumanı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, noyabrın 21-də ölkə ərazisində gecə saatlarından başlayaraq havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısamüddətli toz-dumanının daxil olmasıdır.

Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi ehtimal olunur.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir.