RTPI nümayəndəsi: İqlim risklərinin artması fonunda daha sərt cavab tədbirləri lazımdır

Ekologiya
  • 22 may, 2026
  • 13:07
RTPI nümayəndəsi: İqlim risklərinin artması fonunda daha sərt cavab tədbirləri lazımdır

İqlim risklərinin güclənməsi şəraitində daha sərt və lokal yönümlü cavab tədbirlərinə keçid zəruridir.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Krallıq Şəhərsalma İnstitutunun (RTPI) nümayəndəsi Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, iqlim böhranı ilə bağlı çoxsaylı müzakirələrə baxmayaraq, hələ ki nə cəmiyyət, nə də siyasi institutlar fövqəladə vəziyyət şəraitində zəruri olan addımları atmır.

"Əgər binada yanğın baş versəydi, biz dərhal çölə qaçardıq. Ancaq iqlim böhranına eyni dərəcədə təxirəsalınmazlıqla yanaşmırıq", - o bildirib.

Onun sözlərinə görə, dünya qlobal temperaturun 1,5 dərəcədən çox artması riski ilə üz-üzədir, buna görə də hər bir qərar insanlar, icmalar və ekosistemlər üçün uzunmüddətli nəticələri nəzərə almalıdır.

RTPI nümayəndəsi tikintidə karbon emissiyalarının radikal şəkildə azaldılmasının və şəhərlərin sürətli transformasiyası və modernləşdirilməsi üçün şəhərsalma alətlərindən daha fəal istifadənin zəruriliyini vurğulayıb.